booked.net

Zəfər paradı - Qələbəmizin rəmzi


Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”
Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin əsas prioritet məsələlərindən biri, heç şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi oldu.
44 günlük Vətən müharibəsi dönəmində biz bunun müsbət nəticələrini gördük. Son 17 il ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi. Orduda bir nəfər də olsun fərari olmadı. Hətta yaralı əsgərlər döyüş meydanından çıxmır, son damla qanına qədər düşmənə qarşı döyüşməyi özünə şərəf bilirdi. Nəticə isə göz önündədir: Ermənistan dövləti vətənsevər azərbaycanlı gənclərin önündə diz çökdü!
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Üç  il öncə Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini düz 30 il idi ki, gözləyirdik. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Yeri gəlmişkən, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçirilən parad isə həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. Nəhayət, bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! - Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olduğumuz parad oldu.Beləliklə, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu.
44 günlük Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, rəşadətli, cəsarətli və şərəfli Azərbaycan xalqının milli mübarizə nümunəsidir.Azərbaycan Prezidenti Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdi: “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq”. Prezident İlham Əliyev ölkəmizin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Ermənistan isə bu müddət ərzində sadəcə olaraq status-kvonu qoruyub saxlamağa, işğalçı siyasətini davam etdirməyə çalışdı. Bu ölkənin hərbi-siyasi rəhbərliyi müxtəlif formalarda münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirdi, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar etdi. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozdu. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın kəndlərinə hücumlara başlamaqla növbəti təxribatlar törətməsi Azərbaycan dövlətinin və xalqının səbrinin tükənməsinə səbəb oldu. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alan Azərbaycan əks-hücum əməliyyatına başladı, öz ərazilərini işğaldan azad etmək üçün Zəfər yürüşünə start verdi. Beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Beləliklə, Azərbaycan işğal faktı ilə barışmadı və öz milli gücü, hərbi-siyasi resursları ilə məsələni həll etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev paradda çıxışı zamanı deyib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.Beləliklə, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi”.Nəticə etibarilə, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rasional siyasəti, dəmir məntiqi, polad iradəsi, Azərbaycan xalqının mübarizə əzmi və Ordumuzun gücü haqq-ədalətin bərpasını təmin etdi. Ona görə də 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi - Qələbə dastanıdır. Bu Zəfər yürüşü, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin “münaqişənin hərbi həlli yoxdur” deyənlərə ən tutarlı, layiqli və sərrast cavabı oldu!
Vətən müharibəsi Zəfərlə sona çatdıqdan sonra  əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı. Bu məqsədlə Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Hərbi Qənimətlər Parkı bu gün nəinki düşmənə, həm də onun havadarlarına bir göz dağıdır. Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. "Məğlubedilməz"  Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi "İskəndər M" tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinə gəlincə bunların yaradılması böyük əhəmiyyətə malikdir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin, Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
44 günlük savaşda bütün dünya həm də həmrəylik və birlik nümunəsini gördü. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşmişdir.
Hərbi uğurumuzu möhkəmləndirən amillərədn biri də uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Ölkənin hərbi qüdrətinin artırılmasına həsr olunmuş illərin də böyük əhəmiyyəti var. Uzun illər ərzində ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil etmişdir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.
Qələbəni Azərbaycan xalqına hər il daha yaxın edən amillər də mühüm rola malikdir. Uzun illər ərzində görülmüş məqsədyönlü işlərin nəticəsində Qələbənin təminatı üçün siyasi və hüquqi baza yaradılmışdır. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.
Ötən illər ərzində bütün dünya ölkəmizdə yürüdülən peşəkar diplomatiyanın şahidi oldu. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.
Kapitulyasiya aktına gəlincə 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Rəsmi İrəvanın hərbi cinayətləri heç vaxt bitmək bilmədi. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Eyni zamanda ikinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparılmış və siyasi müstəvidə vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə isə Azərbaycana sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmiş, qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı. Biz sözlə, Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı.
Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çox­saylı mülki şəxsin həlak olması ilə nəticələnirdi. Bu, Zəfərimizin təntənəsinə kölgə salmaqda aciz idi. Düşmən döyüş meydanında məhv edilmidi.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxı ilə demişdi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Zəfər paradı azərbaycan-türkiyə, bir millət, iki dövlət qardaşlığımızın göstəricisi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabrda keçirilən parada çıxışı zamanı bir daha Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin olduğunu söylədi: "Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Paradında çıxış zamanı bildirib ki, bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq: "Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür".
Bəli, bu gün Türkiyə və Azərbaycan həmişə bir olub, bundan sonra da bir olacaq. Dövlət başçımızın dediyi kimi: "Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".
Bəli, haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin nümayişidir. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi. Dekabrın 10-da İkinci Vətən Müharibəsinin qələbə paradı keçirildi. Meydana Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız gətirildi. Və bu Qələbə Parad Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф