booked.net

Azərbaycan regionda etibarlı tərəfdaşdır


21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxış edib 

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan-Macarıstan münasibətlərinin inkişafını xüsusi vurğulayıb və Macarıstanı  ölkəmizin etibarlı strateji tərəfdaşı olduğunu məmnunluqla qeyd edib. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünü xatırladan dövlət başçısı bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edilməsini təqdir edib. 
Bu il Azərbaycanda nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşü bir daha onu deməyə əsas verir ki, ölkəmiz türk dünyasının ortaq gələcəyinin formalaşdırılmasında əhəmiyyətli rola sahibdir.  Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması faktı da ölkəmizin TDT platformasında əhəmiyyətli rolunu təsdiq edir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha sistemli xarakter alacağını göstərir.
Prezident İlham Əliyev türk dövlətləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edərkən, Azərbaycanın nəqliyyat sahəsində oynadığı strateji rolu xüsusi vurğulayıb. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna- avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub, nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.  
Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcminin 2024-cü ildә 11 milyon ton təşkil etməsi, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılması, müştərək müəssisələr qurulması bu istiqamətdə reallaşdırılan və mühüm əhəmiyyət kəsb edən ciddi addımlardır.  
Dövlət başçısının çıxışında nəqliyyat və logistika sahəsində regional inteqrasiyanın önəmi xüsusi vurğulanır. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb və Orta Dəhlizin rəqəmsallaşdırılması böyük önəm kəsb edir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. 
Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan türk dövlətləri üçün mühüm tranzit və logistika xidmətləri göstərməkdədir. Bu imkanlar region ölkələrinin Avropa və Asiyaya çıxışında körpü rolunu oynayır. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəminin inşası davam edir ki, bu da ticarət dəniz donanmasının daha da gücləndirilməsi məqsədi daşıyır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır ki, bu da Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirəcək, TDT ölkələri üçün alternativ və etibarlı marşrut yaradacaq.
Prezident İlham Əliyev çıxşı zamanı təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 konfransına da diqqət çəkib. Belə mötəbər beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə və qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edilməsinə nail olan Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. 
Prezident İlham Əliyev inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmanın, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olunması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsini Əsas nailiyyət kimi dəyərləndirib. Təsadüfi deyil ki, COP29 tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. Həmin beynəlxalq tədbirdə Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanan strateji tərəfdaşlıq sazişi ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradıb. 
21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün sonunda imzalanan 71 maddədən ibarət Bəyannamə, üzv dövlətlərin ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında birgə gələcəyə dair qətiyyətli iradəsini əks etdirir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф