booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Qaranlığa nur saçan alim...

Qaranlığa nur saçan alim


15 aprel Akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür.


O, qaranlığa nur saçırdı. İşığı oftalmologiya elminin ən çətin sahələrində, yüksək mənəviyyatını qoruyub saxlayan neçə-neçə şirin xatirələrdə bu gün də görünür. Daim böyük minnətdarlıqla xatırlanır və insanlarımızın sağlamlığı keşiyində göstərdiyi fədakarlıqlar heç zaman unudulmur.  
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində- dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Hələ kiçik yaşlarından xarakterindəki oxuyub-öyrənmək həvəsi, daxili nizam-intizam, çalışqanlıq kimi müsbət keyfiyyətlər özünü büruzə vermişdi. Orta təhsil illərində yiyələnəcəyi peşəni özü seçmişdi. Gələcək taleyini tibb elminə həsr etmək idi.  
Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin dövrdə oftalmologiya elmi qarşısında ən mühüm vəzifə respublika əhalisi arasında geniş yayılmış və çiddi sağlamlıq fəsadlarına yol açan traxoma infeksion xəstəliyi ilə mübarizə üçün effektiv müalicə üsullarının tapılması idi. Bu, gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan xəstəlik idi. 
O, nursuz gözlərə işıq paylamaq, təbiətin əsrarəngiz gözəlliyinə həsrət qalan insanlara həyat eşqi qaytarmaq arzusu ilə Moskva şəhərinə gedir, orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Daha sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Zərifə xanımın elmi fəaliyyətinin ilk mərhələsi, onu dərindən düşündürən traxoma infeksion xəstəliyinin müalicəsi ilə bağlı olur. 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. O, traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlarda maarifləndirici işlər aparır. Uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda göstərdiyi xüsusi xidmət, həm də onun  xeyirxah, nəcib, mərhəmətli qəlibinin genişliyindən xəbər verirdi.            
Z.Əliyeva 1960-cı ildə «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanı müdafiə edir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verir. 
Zərifə xanım Əliyevanın taleyinə yazılan qəribəliklərdən, bəlkə də daha çox qürurverici məqamlardan biri də bu olur ki, o, 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Onun üçün çox duyğusal hal o idi ki, həmin ali təhsil ocağı ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin- Zərifə xanımın atasının adını daşıyırdı.
Həmin dövr Zərifə xanımın bir həkim kimi, eyni zamanda elmi tədqiqatçı kimi fəaliyyətinin ən məhsuldar illərini əhatə edir. Onun oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi- görmə orqanının patologiyası, diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi kimi məsələlərə həsr etdiyi elmi araşdırmaları mütəxəssislər tərəfindən böyük marala qarşılanır və yüksək qiymətləndirilir.  
«Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində- H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda böyük müvəffəqiyyətlə müdafiə edir və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq  görülür. Bu, oftalmologiyanın həmin sahəsində ilk elmi işlərdən biri idi. 
Bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçiləndə də, istərsə 1983-cü ildə həmin kafedranın müdiri olanda da ətrafına topladığı istedadlı gənc həmkarları ilə elmi-tədqiqat işini davam etdirir. Zərifə xanım elmi araşdırmalarını sistemləşdirib dərs vəsaitləri şəklində (məsələn, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s.) həkim-oftalmoloqlara çatırır. Bunun davamı olaraq Zərifə xanım bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdir. Daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım Əliyevanın müəlliflərindən biri olduğu fundamental “Terapevtik oftalmologiya” kitabı bu gün də hər bir oftalmoloqun ən çox müracət etdiyi stolüstü kitabdır. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olması, bu görkəmli alimin elmi təfəkkürünün dərinliyindən xəbər verir. Zərifə xanımın “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə alimin dəyərli töhfəsi idi.  
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata- SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. 1983-cü ildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilir. “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülür.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı söylədiyi “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır” fikrini daim qəlbində gəzdirdi, ondan şəfa diləyənlərdən səmimiyyətini əsirgəmədi. Bütün bilik və bacarığı ilə onların ümidlərini doğrultmağa çalışdı. Ən qiymətli vaxtını onlara həsr etməkdən usanmadı. 
Görkəmli alim doğma ocağını, ailəsini də nuru ilə işıqlandırmağı, isitməyi bacarırdı. Xalqımızın dahi oğlu, Ümummilli ider Heydər Əliyev yazırdı ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. 
Dəyərli akademik Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında- 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezident İlham Əliyev xatırlayır ki, Zərifə xanım ömrünün son günlərində də ürəyinin işığını itirmədi. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.
Xalqımız qaranlıqlara nur saçmış fədakar alimimiz akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini daim uca tutur, onu sonsuz sevgilər, minnətdarlıq duyğuları ilə anır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф