booked.net

Azərbaycan-Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa əsaslanır


Azərbaycan-Pakistan arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

PREZİDENT İLHAM ƏLİYEV: “BİZİM QARDAŞLIĞIMIZ XALQLARIMIZIN ƏSRLƏRLƏ BUNDAN ƏVVƏLƏ TƏSADÜF EDƏN, BİR-BİRİNƏ OLAN DƏRİN HİSSLƏRİNƏ ƏSASLANIR”
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək qeyd edib: “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

PREZİDENT İLHAM ƏLİYEV: “ BÜTÜN AZƏRBAYCAN XALQI YAXŞI BİLİR Kİ, İŞĞAL DÖVRÜNDƏ PAKİSTAN HƏR ZAMAN YANIMIZDA OLAN BİR SIRA ÖLKƏLƏRDƏN BİRİ OLMUŞDUR”
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Biz bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.

PREZİDENT İLHAM ƏLİYEV: “SƏRMAYƏLƏRİN İLKİN HƏCMİ TƏXMİNƏN İKİ MİLYARD DOLLARDIR”
Görüş çərçivəsində ikitərəfli ticarəti genişləndirməklə bağlı razılığa gəlinib. Birgə əməkdaşlıq və birgə investisiya sahələri müzakirə olunub və qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində invenstisiyalarla bağlı müzakirə aparılıb.
“Yatıracağımız sərmayələrin ilkin həcmi, əziz qardaşımın qeyd etdiyi kimi,  təxminən iki milyard dollardır. Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq”-deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçımız onu da bildirib ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. “Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”.

PAKİSTAN İSLAM RESPUBLİKASININ BAŞ NAZİRİ MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF: “BİZ BİR-BİRİMİZDƏN UZAQDA YAŞAYIRIQ, LAKİN İNANIN MƏNƏ, BİZİM QƏLBLƏRİMİZ BİR YERDƏ DÖYÜNÜR, FƏRQLİ DİLLƏRİMİZİN OLMASINA BAXMAYARAQ BİZ BİRLİKDƏ DANIŞIRIQ, BİZ BİR YERDƏ DÜŞÜNÜRÜK, BİZ İKİTƏRƏFLİ VƏ ÇOXTƏRƏFLİ MÜNASİBƏTLƏRİMİZƏ AİD BÜTÜN MƏSƏLƏLƏRDƏ BİR-BİRİMİZİN YANINDAYIQ”
“Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir..... Əziz qardaşım, Pakistana səfərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək istərdim. Təşəkkür edirəm”.


İYULUN 11-DƏ  İSLAMABADDA AZƏRBAYCAN İLƏ PAKİSTAN ARASINDA İMZALANMIŞ SƏNƏDLƏR DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRDƏ YENİ İMKANLAR AÇACAQDIR.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,  “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”,  “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,  “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”,  “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,   “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”,   “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,   “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”,  “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”,  “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”,  “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”,   “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”,   “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu” nun imzalanması   gələcək əməkdaşlıqda yeni imkanlar vəd edir.

SARSILMAZ DOSTLUĞA VƏ QARDAŞLIĞA ƏSASLANAN AZƏRBAYCAN-PAKİSTAN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI ÜÇÜN YENİ PERSPEKTİVLƏR AÇILIR
Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 
1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.  Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф