booked.net

Şərəfli həkim və əsil vətəndaş ömrü


Tanınmış həkim Nəzakət Ağasəf qızı Abdulrazaqovanın ömür kitabını vərəqləyəndə şərəfli həkim ömrünün, əsil vətəndaş olmağın ucalığına bir daha yaxından şahid oldum. "Hippokrat andı"na hər zaman sadiq qalan, ömrünün mənasını insanların sağlamlığı keşiyində dayanmaqda bilən, xəstələrin sağlamlığına qovuşması üçün   bütün bilik və bacarığını sərf edən, bu yolda təcrübəsini hər zaman artıran, daha da təkmilləşdirən Nəzakət xanım həm də yüksək insani keyfiyyətlərə sahibdir.  

Nəzakət Abdulrazaqova 1942-ci ildə Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. Atası Ağasəf Ağababa oğlu Abdulrazaqov (1913-1971) 1941-1945-ci il Böyük Vətən Müharibəsinin iştirakçisi olub, aldığı yaraların acısını ömrü boyu özü ilə gəzdirməli olub. Müharibədən qayıtdıqdan sonra Şamaxı şəhərində müxtəlif dövlət qulluğunda çalışıb.  Anası Ziba Mənsim qizı (1923-2007) evqar qadın idi. 9 uşaq böyüdüb tərbiyə etmişdir. Övladlarının biri orta, səkkizi isə ali təhsil almışdır. 

1949-1959-cu illərdə Şamaxı şəhər 1 saylı orta məktəbdə təhsil alan  Nəzakət Abdulrazaqova sonradan Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsini bitirməklə ali təhsilə yiyələnib. O, institutun buraxılış gecəsində məktəbi bitirən tələbələr adından "Həkim andı" içməyin ona həvalə olunmasını fəxrlə, qürurla xatırlayır. Xatirələrin işığında xəyalən ötən illərə dönür. O unudulmaz tələbəlik dövrünün həm də ona görə qiymətli olduğunu deyir ki, həmin vaxtlar institutun rektoru Bahadur Eyvazovun yüksək mənəviyyatlı   bir rəhbər olduğunu öz gözləri ilə görüb duymuşdu. Onlara dərs demiş görkəmli tibb alimləri Mustafa Topçubaşovu, İbrahim Topçubaşovu, Emin Əfəndiyevi,  Böyükbay Mahmudbəyovu, Püstəxanım Yüzbaşinskayanı,  həm də əslzadəlik təcəssümü, əsl azərbaycan xanımı Solmaz  İsrafilbəyovanı, digər tibb sənəti korifeylərini yaxından görüb tanımışdı.  

Nəzakət Abdulrazaqova 1965-ci ildə institutu bitirdikdən sonra təyinatla Şamaxı rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlayıb. 1967-ci ildə ixtisasartırma kursundan sonra mama-ginekoloq kimi fəaliyyətini davam etdirib. Yüksək peşəkarlığı sayəsində ali dərəcəli həkim öz iş yoldaşı mərhum Solmaz Allahverdiyeva ilə "Mamalıq-ginekologiya" şöbəsində təxirəsalınmaz, planlı və plastik əməliyyatların aparılmasına nail olub. 

Nəzakət xanım rayonun ictimai həyatında bu gün də yaxından iştirak edir. O, 1985-2013-cü illərdə Şamaxi rayon Qadınlar Şurasinin sədri, 1995-2013-cü illərdə YAP Şamaxı təşkilatında Qadınlar Şurasının sədri olub. 1993-cü ildə xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürülərkən onun namizədliyinin müdafiəsi üçün 1-55 saylı təşəbbüs qrupunun üzvü kimi fəal ictimai mövqe nümayiş etdirib. 

Həmsöhbətim tam səmimi, sevgi dolu bir maraqlı deyimi də yada saldı. Nəzakət xanımın anası təvəllüd tarixi 1923-cü il olduğundan, həm də ümummilli liderimizə sonsuz hörməti səbəbindən həmişə deyərmiş ki, -"Mən Heydər Əliyevlə yaşıdam!"

Nəzakət Abdulrazaqova da hamı kimi ötən əsrin 80-ci illərində ölkəmizdə yaşanan təlatümlərin içində olub. Qərbi Azərbaycandan qovulan, Qarabağdan didərgin düşən, qətliamlara məruz qalan soydaşlarımızın ağrı-acılarını o da ürəyindən keçirib. 1990-cı il 20 Yanvar hadisələrində oğlu, Tibb İnstitunun 2-ci kurs tələbəsi Hikmət Qasımov da yaralanmışdı. O zaman xalqımıza qarşı törədilən bu qətliama qarşı Şamaxıda keçirilən yığıncaqda qəti və kəskin etirazını bildirənlər arasında Nəzakət xanım da vardı. 

Nəzakət Abdulrazaqova dörd uşaq tərbiyə edib boya-başa çatdırıb. Bu gün o, səkkiz nəvəsinin, üç nəticəsinin şirinliyini sonsuz şükranlıqla yaşayır. Ömür-gün yoldaşı, ixtisasca seysmoloq olan İsmət Qasımovla xoşbəxt ömür sürürlər. 

Nəzakət xanım peşə fəaliyyətində göstərdiyi xidmətlərə, fəal vətəndaş mövqeyinə görə "Tərəqqi" medalına layiq görüldüyü qürurla bildirir. 

Biz Şamaxı sakinlərinin sağlamlığının qorunmasında böyük əməyi, xidmətləri olan, ictimai işlərdə bu gün də yaxından iştirak edən Nəzakət xanım Abdulrazaqovanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. 

                                                              Könül MƏMMƏDOVA
                                                             “ŞİRVAN” qəzetinin baş redaktoru


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф