booked.net

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib


20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri şəhərin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub.
Rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib, ailələrinə başsağlığı verilib.
Anım gününə həsr olunmuş dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Şamaxı rayonu üzrə sədri Ağarza Bayramov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova 1990-cı il 20 yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, həmin günün xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildiriblər. Azərbaycan xalqının hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad etdiyini, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığını vurğulayıblar.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф